Kinodramaturq və yazıçı Əli Qafarovun 90 illik yubileyi qeyd olunub VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Azərbaycan Dövlət Film Fondunda kinodramaturq və yazıçı Əli Qafarovun 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə sənətkarın həyat və yaradıcılıq yolu xatırlanıb, onun milli kino və ədəbiyyata verdiyi töhfələr xüsusi vurğulanıb.
Mərasimdə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Əli Qafarovun Azərbaycan kino tarixində xüsusi yerindən danışıb. O bildirib ki, Əli Qafarov ekran dilini düşüncə ilə birləşdirən nadir yaradıcı insanlardan idi. Onun yaradıcılığında diqqətçəkən məqamlardan biri milli ruhun qorunması ilə yanaşı, bu ruhun müasir ifadə vasitələri ilə təqdim olunmasıdır. Cəmil Quliyev kinodramaturqun əsərlərində insan faktorunun həmişə ön planda olduğunu vurğulayıb, onun qəhrəmanlarının həyatiliyi və inandırıcılığı ilə seçildiyini diqqətə çatdırıb.
Daha sonra Xalq yazıçısı Natiq Rəsulzadə, kinorejissorlar Oqtay Babazadə, Ayaz Salayev, həmçinin Əli Qafarovun bacısı, Xalq yazıçısı Elmira Axundova və başqaları çıxış ediblər.
Vurğulanıb ki, Əli Qafarov Azərbaycan kino və ədəbiyyatında özünəməxsus məktəb formalaşdırıb. O, ssenarini dərin məna və düşüncə üzərində qurulan bədii sistem kimi təqdim edir, hər bir əsərində ideya ilə forma arasında ahəng yaratmağa nail olurdu. Sənətkarın əsərlərində yaradılan obrazlar həyatın özündən qaynaqlanır və tamaşaçı ilə səmimi, təsirli dialoq qurur.
Qeyd olunub ki, Əli Qafarovun yaradıcılığı bu gün də aktuallığını qoruyur və müasir dövrdə kino sahəsində çalışanlar üçün ciddi yaradıcılıq məktəbi hesab olunur. Diqqətə çatdırılıb ki, o, insan xarakterlərini incə psixoloji çalarlarla açmağı bacaran sənətkarlardan biri olub və bu xüsusiyyət onun əsərlərini zamanın sınağından çıxarıb. Əli Qafarovun yaradıcılıq irsi bir daha sübut edir ki, güclü ekran əsərinin əsasında ilk növbədə dərin fikir və sağlam dramaturgiya dayanmalıdır.
Eyni zamanda vurğulanıb ki, sənətkarın yaradıcılığı təkcə estetik baxımdan deyil, həm də mənəvi dəyərlər baxımından əhəmiyyət kəsb edir. Onun əsərlərində cəmiyyət, insan münasibətləri və daxili ziddiyyətlər yüksək sənətkarlıqla təqdim olunur. Belə sənətkarların irsi yalnız xatırlanmalı deyil, həm də sistemli şəkildə öyrənilməli və gələcək nəsillərə ötürülməlidir.
Tədbir çərçivəsində Əli Qafarovun həyat və yaradıcılığını əks etdirən foto və videomateriallar nümayiş olunub, onun haqqında xatirələr bölüşülüb.
Müxbir - Aysel Azadqızı
Videooperator - Ələkbər Baxşıyev