DİN-dən səfərə çıxan sürücülərə müraciət: Bayram sevincini yolda riskə atmayın VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Bu il xalqımızın milli ruhunu və yaddaşını zənginləşdirən, birlik duyğusunu gücləndirən iki əlamətdar hadisəni - Novruz və müqəddəs Ramazan bayramlarını bir yerdə qeyd edirik. Buna görə də tətil günlərində paytaxtdan bölgələrə səfər edənlərin sayında hər zamankından daha çox artım ola, nəqliyyat sıxlığı yarana bilər. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir. Lakin yenə də əsas məsuliyyət vətəndaşların üzərinə düşür.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) səfərə çıxan sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, qəzaların başvermə ehtimalını azaltmaq üçün hamılıqla qaydalara əməl etmək əsas şərtdir.
“İlk növbədə, avtomobilin texniki sazlığı yoxlanılmalı, mümkün qədər günün erkən saatlarında yola çıxılmalı, sürət həddi aşılmamalı, yol və hava şəraitinə görə seçilməli, ötmə və manevr qaydalarına uyğun davranılmalı, sərxoş vəziyyətdə sükan arxasına əyləşilməməli, avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olunmalıdır. Həmin sadə qaydaları pozmaq, bir anlıq ehtiyatsızlıq arzuolunmaz hadisələrə gətirib çıxara bilər. Ona görə də yollarda daha diqqətli və məsuliyyətli davranaraq, xüsusi günləri böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd etməyə çalışmaq lazımdır”, - deyə müraciətdə vurğulanıb.