AQTA Amerika ağ kəpənəyinə qarşı monitorinq tədbirlərini davam etdirir
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları karantin tətbiq edilən təhlükəli zərərverici − Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə monitorinq və fitosanitar nəzarət tədbirlərini davam etdirir.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bu çərçivədə Lənkəran rayonunun Lənkəran və Liman şəhərləri, Haftoni qəsəbəsi, Göyşaban, Ürgə, Boladi, Separadi, Daşdalıqcar, Siyəvar, Tütəpeştə, Aşağı Nüvədi, Sütəmurdov, Velədi və Kərgəlan kəndlərində zərərvericinin növbəti nəslinin yetkin fərdlərinin aşkar edilməsi və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə monitorinqlər aparılıb. Zərərvericinin yayılma arealına uyğun olaraq ərazilərdə feromon tələlər asılıb.
Bununla yanaşı, Bakı şəhərinin Nizami rayonunda yaşayış binalarının həyətlərində və yol kənarlarında yerləşən ağaclarda Amerika ağ kəpənəyinin yayılması ilə bağlı müvafiq monitorinq tədbirləri həyata keçirilib. Zərərvericinin populyasiya sıxlığının izlənilməsi və erkən aşkarlanması məqsədilə ərazinin müxtəlif nöqtələrində feromon tələlər quraşdırılıb.
Monitorinq tədbirləri zamanı sakinlərlə maarifləndirici görüşlər də keçirilib. Sakinlərə zərərverici ilə bağlı məlumat təqdim olunub, bukletlər paylanıb və müvafiq tövsiyələr verilib.