Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO
Nyu-York, 24 sentyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi yüksəksəviyyəli görüşlərə ildən-ilə daha çox qlobal lider qatılır və mərkəzin beynəlxalq platforma kimi rolu güclənir.
AZƏRTAC xəbər verir ki, bunu Bolqarıstanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Rosen Plevneliyev Mərkəzin Nyu-Yorkda keçirilən XXXVII Yüksəksəviyyəli Görüşü çərçivəsində AZƏRTAC-a açıqlamasında bildirib.
“Biz hər il Nyu-Yorkda, eləcə də Qlobal Bakı Forumu çərçivəsində bir araya gəlirik. Aydın şəkildə görürük ki, mərkəz ildən-ilə daha da güclənir və onun forumlarında getdikcə daha çox qlobal lider iştirak edir. Bu il Nyu-Yorkda rekord sayda iştirakçımız var”, - deyə o bildirib.
Plevneliyev dünyada eyni vaxtda bir neçə istiqamətdə böhranların yaşandığını vurğulayıb. “Dünya çoxsaylı böhranların hökm sürdüyü olduqca çətin vəziyyətdədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu məsələlərlə bağlı müzakirələr aparır və həll yolları ortaya qoyur. Deyə bilərəm ki, bu, BMT Baş Assambleyası çərçivəsindən kənarda Nyu-Yorkda keçirilən ən yaxşı tədbirlərdən biridir və burada çox nüfuzlu insanlar bir araya gəliblər”, - deyə o bildirib.