Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO
Antalya, 7 oktyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) davam edir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq görən konqresdə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndə heyətlərinin iştirakı ilə fərqli mövzularda panel iclaslar, kosmonavtlarla görüşlər, sessiyalar və bir sıra bu kimi tədbir keçirilir.
Konqres çərçivəsində Türkiyənin kosmik baxışı və Ay missiyasının müzakirə olunduğu xüsusi sessiya təşkil edilib. “Dövrlər arasında körpü qurmaq: İpək yolu astronomiyasından Ayın kəşfinə” mövzusunda sessiyada Türkiyənin 2027-ci il Ay Tədqiqat Proqramı, milli peyklər, kosmodrom layihələri və kommersiya məqsədli insanlı kosmik missiyalar barədə məlumat verilib.
Mərasimdə çıxış edən Türkiyənin Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç bildirib ki, 2027-ci ildə Aya göndərilməsi planlaşdırılan kosmik aparat Ay səthində Günəş küləyi, suyun yaranması, maqnit sahələri və termal quruluşla bağlı araşdırmalar aparacaq.
“TÜBİTAK Kosmos”un rəhbəri Mehmet Nefes isə ölkəsinin Ay kosmik aparatının 80 faizdən çox yerli istehsal payına malik olacağını və 6 elmi yük daşıyacağını açıqlayıb.
ASELSAN-ın baş direktoru Ahmet Akyol isə aşağı Yer orbitində fəaliyyət göstərəcək 198 peykdən ibarət “ASTRALINK (GÖKBAĞI)” layihəsinin başladığını bildirərək ilk peykin iki il ərzində orbitə çıxarılmasının planlaşdırıldığını deyib.
Konqresdə, həmçinin Türkiyənin Somalidə inşa etdiyi kosmodrom, kommersiya kosmik stansiyaları və özəl sektorun kosmik sahədə artan rolu müzakirə edilib.
Oktyabrın 7-də keçiriləcək tədbirlər çərçivəsində “Azərkosmos” ilə Beynəlxalq Kosmik Hüquq İnstitutu (International Institute of Space Law – IISL) arasında kosmik hüquq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanacaq.
Ölkəmiz konqresdə böyük nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təqdim olunan elmi məqalələrin sayına görə 108 ölkə arasında ikinci yeri tutub. Ölkəmiz 814 elmi məqalə ilə dünyada ikinci yerdə qərarlaşıb.
IAC 2026 oktyabrın 9-da keçiriləcək “Xalq Günü” ilə ictimaiyyətə açılacaq.