Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Orta məktəblərdə vahid geyim qaydası ilə bağlı qərarın bu qədər geniş və mütəşəkkil hay-küylə qarşılanması müəyyən şübhələr doğurur. Hicabı dəstəkləyən insanların bir qisminin səmimi şəkildə müxtəlif arqumentlər irəli sürməsi mümkündür. Bununla belə, orta məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib.
O qeyd edib ki, Azərbaycanın maarifpərvər ziyalıları cəhalətə və xurafata qarşı məhz bu prinsiplər uğrunda mübarizə aparıblar. “Dini dəyərlər pərdəsi altında öz iradə və iddialarını cəmiyyətə qəbul etdirməyə çalışan qrupların fəaliyyəti gələcək üçün potensial təhlükələrin əlaməti deyilmi? Dünyəvi dövlət prinsiplərini dəstəkləyən, aydın düşüncəli ziyalılar və ictimaiyyət nümayəndələri ölkənin gələcəyi naminə daha fəal olmalı, müzakirələrə qoşularaq qəti mövqe nümayiş etdirməli, əsaslandırılmış münasibət bildirməlidirlər”, - deyə R.Məcid əlavə edib.