Böyük Britaniyada təhsil alan azərbaycanlı mütəxəssis: Süni intellekt kiberhücumları daha mürəkkəb hala gətirir - MÜSAHİBƏ
London, 30 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Edinburq Napier Universitetində kibertəhlükəsizlik üzrə magistratura təhsilini fərqlənmə ilə başa vuran azərbaycanlı Azərin Bəyəli universitetin yüksək akademik nəticələr göstərən tələbələrə təqdim etdiyi “University Class Award” mükafatına layiq görülüb.
Azərin Bəyəli AZƏRTAC-a müsahibəsində təhsil və karyera yolundan, Böyük Britaniyada qazandığı təcrübədən, süni intellektin kibertəhlükəsizlik sahəsinə təsirindən, müasir kiberhücumlardan və gələcək planlarından danışıb.
-Nə üçün məhz kibertəhlükəsizlik sahəsini seçdiniz? Bu sahəyə marağınız necə yarandı?
-ADA Universitetində kompüter elmləri üzrə bakalavr təhsili almışam. Daha sonra kibertəhlükəsizlik mühəndisi kimi peşəkar fəaliyyətə başlamışam.Texnologiyaların inkişafı ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsi də getdikcə daha böyük əhəmiyyət qazanır. Universitet illərində şəbəkə və informasiya təhlükəsizliyinə marağım yarandı və bu sahənin daim inkişaf etməsi, karyera seçimimdə əsas rol oynadı.
-Magistratura təhsili üçün Böyük Britaniyanı və Edinburq Napier Universitetini seçməyinizin əsas səbəbləri nə idi?
-Böyük Britaniyanı inkişaf etmiş akademik və tədqiqat mühitinə görə seçdim. Edinburq Napier Universitetinə üstünlük verməyimin əsas səbəbi isə kibertəhlükəsizlik proqramının praktikyönümlü olması və müasir təhlükəsizlik texnologiyalarını əhatə etməsi idi.
-Universitetdə kibertəhlükəsizlik üzrə tədris proqramı nələri əhatə edir? Təhsil müddətində hansı praktiki bilik və bacarıqlara yiyələnmisiniz?
-Proqram şəbəkə təhlükəsizliyi, “digital forensics”, “penetration testing”, insidentlərin idarə edilməsi, zərərli proqramların analizi və kriptoqrafiya kimi istiqamətləri əhatə edir. Magistr dissertasiyamda isə süni intellekt modellərinin kibertəhlükəsizlik hadisələrinin analizində etibarlılığını tədqiq etmişəm.

-Süni intellektin sürətli inkişafı kibertəhlükəsizlik sahəsinə necə təsir göstərir? Sizcə, süni intellekt kiberhücumlarla mübarizədə daha çox imkan yaradır, yoxsa yeni təhlükələr formalaşdırır?
-Hər ikisi. Süni intellekt kibertəhlükəsizlik üçün həm yeni imkanlar, həm də risklər yaradır. Bir tərəfdən, təhdidlərin aşkarlanmasını və analizini sürətləndirir, digər tərəfdən isə kiberhücumların daha mürəkkəb və avtomatlaşdırılmış formada həyata keçirilməsinə şərait yaradır. Əsas məsələ bu texnologiyaların təhlükəsiz və etibarlı tətbiqidir.
-Son illərdə dünyada kiberhücumların sayının artması müşahidə olunur. Sizcə, hazırda dövlətlər və böyük şirkətlər üçün ən ciddi kibertəhlükələr hansılardır?
-Texnologiyaların inkişafı ilə kiberhücumlar daha mürəkkəb və təkmilləşmiş xarakter alsa da, kibertəhlükəsizliyin ən həssas həlqəsi hələ də insan faktorudur. Xüsusilə həyatımızın rəqəmsallaşdığı və demək olar ki, hər kəsin “digital footprint” dediyimiz rəqəmsal izlər buraxdığı müasir dövrdə insan amilindən qaynaqlanan risklər daha da aktuallaşır. Bu baxımdan dövlətlər və böyük təşkilatlar üçün ən ciddi kibertəhlükələrdən biri insan faktorundan qaynaqlanan zəifliklər, xüsusilə də süni intellekt vasitəsilə daha inandırıcı və mürəkkəb xarakter alan sosial mühəndislik hücumlarıdır.
-Kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssis olmaq istəyən gənclər hansı proqramlaşdırma dillərini, texnologiyaları və bacarıqları öyrənməlidirlər?
-İlk növbədə, kompüter şəbəkələri, əməliyyat sistemləri və informasiya təhlükəsizliyinin əsaslarını mənimsəmək əhəmiyyətlidir. “Python”, SQL və “Bash” kimi dilləri, Linux, cloud texnologiyaları və monitorinq qaydalarını öyrənmək faydalıdır. Nəzəri biliklərlə bərabər, praktiki layihələr üzərində işləmək xüsusilə vacibdir.

-Böyük Britaniyada əldə etdiyiniz bilik və təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etməyi düşünürsünüzmü? Karyera planlarınız nələrdir?
-Əlbəttə. Əsas məqsədlərimdən biri təcrübəmi Azərbaycanda kibertəhlükəsizlik sahəsində tətbiq etməkdir. Gələcəkdə süni intellekt və kibertəhlükəsizliyin kəsişməsində elmi tədqiqatlarımı davam etdirməyi və innovativ təhlükəsizlik həllərinin hazırlanmasında iştirak etməyi planlaşdırıram.