İQTİSADİYYAT
XOCAVƏNDLİLƏR DOĞMA YURDA QAYIDACAQLARINA ƏMİNDİRLƏR
Beyləqan, 11 fevral (AZƏRTAC). Xocavənd rayonunda 2009-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış qəsəbədəki mədəniyyət evində keçirilən yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov son illərdə respublikada qazanılmış yüksək iqtisadi göstəricilər barədə məlumat verdikdən sonra bildirmişdir ki, “Yeni Tuğ” qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və digər 200 ailə üçün həmin ərazidə yeni qəsəbənin salınması üçün Beyləqan Rayon İcra Hakimiyyətinin sərəncamı ilə 385 ha torpaq sahəsi ayrılmışdır. Qəsəbədə istirahət parkının salınması üçün də müvafiq yer seçilmiş, həmin sahədə müxtəlif növ həmişəyaşıl ağaclar əkilmişdir. Rayon ərazisində aparılan abadlıq və yaşıllaşdırma işləri davam edir.
“Yeni Xocavənd” qəsəbəsində qəsəbədaxili yollara çınqıl döşənmişdir. Rayonun “Qarasu” və “Nərgiztəpə” adlanan ərazilərini birləşdirəcək çınqıl yolun çəkilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları tərəfindən layihə-ölçü işləri yerinə yetirilmişdir. Xocavənd və Qaradağlı qəsəbələrini birləşdirəcək yolun çəkilməsi ilə əlaqədar layihə sənədləri hazırlanıb Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna təqdim edilmişdir və yaxın günlərdə yolun çəkilişinə başlanacaqdır.
Məcburi köçkünlərin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə “Nərgiztəpə” ərazisində 2 subartezian quyusu qazılmış, “Yeni Xocavənd” qəsəbəsində yaşayan hər bir ailəyə 0,6 ha torpaq sahəsi paylanmışdır.
İl ərzində rayon məşğulluq mərkəzinə 204 nəfər işaxtaran vətəndaş müraciət etmiş, onlardan 133 nəfər işlə təmin olunmuşdur. Rayonun fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu mal-qaranın sayı 1808 baş, o cümlədən inək və camışlar 799 baş, xırda buynuzlu davarların sayı 19 min 639 baş olmuşdur. Bu müddətdə 2439 sentner ət, 7803 sentner süd, 615 sentner yun, 950 min ədəd yumurta istehsal edilmişdir.
2009-cu ilin məhsulu üçün rayonda 16 min hektar sahədə əkin aparılmış, 287220 sentner buğda, 8640 sentner arpa, 9310 sentner şəkər çuğunduru, 12030 sentner tərəvəz, 1148 sentner kartof istehsal olunmuşdur.
Müzakirələrdə çıxış edənlər vurğulamışlar ki, ölkəmizdə gedən böyük quruculuq işləri ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin gərgin fəaliyyəti, düşünülmüş daxili və xarici siyasəti sayəsində mümkün olmuşdur. Onlar ölkə başçısının verdiyi tapşırıq və tövsiyələrin icrası ilə əlaqədar qarşıda duran vəzifələrdən də danışmış, təkliflər vermişlər. Rayon ictimaiyyətinin nümayəndələri Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Prezident İlham Əliyevin mövqeyini dəstəklədiklərini bəyan etmiş və doğma torpaqlara qayıdacaqlarına əminliklərini bildirmişlər.
Prezident Administrasiyasının məsul əməkdaşı Rövşən Ağayev və Milli Məclisin deputatı Elman Məmmədov yığıncaqda çıxış etmişlər.