MƏDƏNİYYƏT
Türkiyədə Azərbaycanın görkəmli maarifçisi Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyi münasibətilə tədbirlər keçirilmişdir
Ankara, 20 dekabr (AZƏRTAC). Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycanın görkəmli maarifçisi, ədəbiyyatşünas, pedaqoq və publisist Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubiley tədbirləri TÜRKSOY-un xətti ilə Türkiyədə də qeyd olunur.
TÜRKSOY-un Ankaradakı mərkəzi ofisində keçirilmiş tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) şöbə müdiri, professor Zaman Əsgərli, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərova, TÜRKSOY-un baş katibinin müavini Fırat Pürtaş və digər natiqlər görkəmli ədibin həyat və fəaliyyətindən bəhs etmişlər. Firudin bəy Köçərlinin 1912-ci ildə yazdığı “Balalara hədiyyə” kitabı TÜRKSOY-un kitabxanasına hədiyyə edilmişdir.
Firudin bəy Köçərlinin yubiley tədbirləri 2013-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilmiş Eskişehirdəki Osman Qazi Universitetində davam etmişdir.
TÜRKSOY-un təşkil etdiyi toplantıda çıxış edən təşkilatın baş katibi Düsen Kaseinov və Osman Qazi Universitetinin rektoru, professor Hasan Gönen bu tədbirin türk dünyasının görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində atılmış daha bir mühüm addım kimi dəyərləndirmişlər.
Toplantıda çıxış edən AMEA-nın şöbə müdiri, professor Zaman Əsgərli, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərova və Osman Qazi Universitetinin professoru Tamilla Əliyeva Firudin bəy Köçərlinin yaradıcılığı, XX əsrin əvvəlində Azərbaycandakı ədəbi mühitdən ətraflı bəhs etmişlər.
Firudin bəy Köçərlinin həyat və yaradıcılığından bəhs edən sənədli film də toplantı iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara