MƏDƏNİYYƏT
Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsinin 65 illiyi qeyd edilmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından olan Qəşəm İsabəylinin 65 illiyinə həsr edilmiş “Ədəbi ömrə bir nəzər” adlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Şəhla Qəmbərova yazıçının həyat və yaradıcılığı barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən şairlər İlyas Tapdıq, Zahid Xəlil, Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, “Nurlan” nəşriyyatının direktoru Nadir Məmmədli, “Tumurcuq”qəzetinin baş redaktoru Səməd Məlikzadə və başqaları Q.İsabəylini yubileyi münasibətilə təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.
Bildirilmişdir ki, Q.İsabəyli Azərbaycan uşaq ədəbiyyatında bədii sözün qüdrətinə dəyər verən, uşaq psixologiyasının ciddi, həm də dərin müşahidəçisi kimi çox maraqlı əsərlər yazan və bütün bunların mayasını həyat gerçəkliklərindən əxz edən qələm sahibidir. Yazıçı bu sahədə ərsəyə gətirdiyi poeziya və nəsr nümunələri ilə 70-ci illərdən bəri mədəni-mənəvi yaddaşımızı “Balaca, bap-balaca”, “Şam nağılı, “Əkil-Bəkil”, “Nənəm təkdi” kimi əsərləri ilə zənginlənşdirmişdir. O, uzun illər yaradıcı imkanlarını uşaq ədəbiyyatının inkişafına həsr etmişdir. Uşaq aləminə dərindən bələd olan, o aləmin ab-havasına ustalıqla daxil olan yazıçının əsərləri bu mənada hər zaman diqqəti cəlb etmişdir.
Tədbirdə Bakının 164 və 190 nömrəli məktəblərinin şagirdləri şairin şeirləri əsasında hazırladıqları maraqlı ədəbi-bədii kompozisiyanı təqdim etmişlər.