“REGİONLARDA SAHİBKARLIĞIN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Beyləqan, 7 may (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini mayın 7-də Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 150-ə yaxın sahibkarın iştirakilə Xocavənd rayonunda keçirmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Rəfael Mustafayev son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının sərhəd rayonlarının inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu rayonlarda məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, kənd təsərrüfatının inkişafına nail olunduğunu qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsi müdirinin müavini Elçin İbrahimov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində iqtisadiyyatın bütün sahələrində ciddi nailiyyətlərin qazanıldığını, ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini vurğulamışlar.
Nazirliyin Bakı Biznes Tədris Mərkəzi direktorunun müavini Rahim Mürsəlov sahibkarların maarifləndirilməsi sahəsində görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və 2010-cu ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr barədə danışmışdır. Qeyd etmişdir ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına regionların inkişafı, yeni iş yerlərinin açılması, ixracyönümlü məhsul istehsalı baxımından əhəmiyyətli olan bir sıra layihələr maliyyələşdirilmişdir. Bu yaxınlarda isə Fond ölkə əhalisinin quş ətinə olan tələbatının daha dolğun ödənilməsi üçün müasir quşçuluq təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, respublikanın 27 inzibati rayon və şəhəri üzrə prioritet hesab olunan, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən investisiya qoyulması üzrə layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün layihələrin qəbulunu elan etmişdir. Sahibkarları Fondun elan etdiyi layihələrdə fəal iştiraka dəvət edən Ş.Abdullayev biznes ideyaların formalaşdırılması, investisiya layihələrinin hazırlanması və güzəştli kreditlərdən səmərəli istifadə üsulları barədə sahibkarları maraqlandıran sualları cavablandırmışdır.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xocavənd və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkarlıq subyektinə 634 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 85-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi tədbirlərini digər regionlarda da davam etdirəcəkdir.