MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanasında “İlk folklor antologiyasının banisi” mövzusunda elmi konfrans keçirilmişdir

Bakı, 29 dekabr (AZƏRTAC). Dekabrın 29-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr edilmiş “İlk folklor antologiyasının banisi” mövzusunda elmi konfrans keçirilmişdir.

Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, konfransda bu bilik mənbəyinin direktoru Şəhla Qəmbərova Prezident İlham Əliyevin Firidun bəy Köçərlinin 150 illik yubileyi haqqında 2013-cü 14 fevral tarixli Sərəncamı əsasında bir il ərzində keçirilən tədbirlərdən geniş söhbət açmışdır.

Tədbirin bədii hissəsi görkəmli ədəbiyyatşünas alimə həsr olunmuş sənədli filmin nümayişi ilə başlamışdır. Sonra uşaqlar F.Köçərli yaradıcılığını “Tıq-Tıq xanım”, “Şəngülüm, Şüngülüm”, yanıltmacların, sayaçı sözlərin deyildiyi səhnəcikləri, uşaq oyunları əsasında təqdim etmişlər.

Tədbir iştirakçıları, həmçinin “Vətən, millət fədaisi” mövzusunda kitab və əl işləri sərgisi, slaydlarla da tanış olmuşlar.

Elmi konfransda Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi və kitabxananın sifarişi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış F.Köçərlinin “Balalara hədiyyə” kitabının təqdimatı ilə bağlı çıxışlar olmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev F.Köçərlinin yubiley tədbirlərinin beynəlxalq səviyyədə keçirilməsindən, o cümlədən TÜRKSOY-un təşkilatçılığı ilə Ankarada keçirilən konfransdan, onun təkrar çap olunmuş “Balalara hədiyyə” kitabının nəşri ilə bağlı məlumatları diqqətə çatdıraraq kitabın kiçik formatda hər iki ildən bir təkrar nəşr edilməsi təklifini vermişdir.

Konfransın yekununda kitabxananın girəcəyində F.Köçərlinin “Balalara hədiyyə” kitabının barelyefinin bayır tərəfdən divara vurulması, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin fəaliyyət göstərdiyi ilk müəllimlər seminariyasının yerləşdiyi binanın girəcəyindəki lövhədə F.Köçərlinin adının yazılmasına dair müraciət qəbul olunmuşdur.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.