SİYASƏT
XOCAVƏNDLİLƏR MİLLİ QURTULUŞ GÜNÜNÜ BAYRAM ETMİŞLƏR
Xocavənd, 16 iyun (AZƏRTAC). Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Xocavənd rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Yeni Xocavənd qəsəbəsində bayram tədbiri keçirilmişdir.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərindəki abidəsi önünə çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayılov, Rusiyadan gəlmiş qonaq Aleksandr Fomenkov çıxış edərək, böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının işğala məruz qaldığı, parçalanmaq təhlükəsi ilə üzləşdiyi, ölkədə vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda xilaskarlıq missiyasından, Azərbaycana rəhbərlik etdiyi illərdə xalqın rifahı, ölkənin inkişafı üçün gördüyü misilsiz işlərdən danışmışlar.
Tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən bayram konserti tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
Mərasim bayram atəşfəşanlığı ilə başa çatmışdır.