MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanasında “Kitabxana: nağıl qəhrəmanlarının görüş yeri” mövzusunda tədbir keçirilmişdir
Bakı, 14 fevral (AZƏRTAC). Fevralın 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Litvanın dövlət müstəqilliyi gününə həsr olunan “Kitabxana: nağıl qəhrəmanlarının görüş yeri” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan kitabxananın direktoru Şəhla Qəmbərova F.Köçərli adına Respublika Uşaq Kitabxanasının digər dövlətlərin uşaq yaradıcılıq mərkəzləri ilə əməkdaşlıq etdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, ötən ilin noyabrında kitabxananın nümayəndə heyəti Litvada olarkən əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən, bu ildən başlayaraq hər iki ölkənin müvafiq qurumlarında uşaq ədəbiyyatı, milli adət-ənənələr, bayramlarla bağlı tədbirlər keçiriləcəkdir.
Sonra söz Bakıdakı 7 nömrəli məktəbin V və VII sinif şagirdlərinə verilmişdir. Onların təqdimatında nağıl qəhrəmanlarımızdan olan Cırtdan, Göyçək Fatma, Tıq-tıq xanım, Məlikməmməd, Siçan bəy, Təpəgöz Litva xalqının nağıl qəhrəmanları - Kastitis, Yurate, Eqle ilə görüşmüşlər.
İştirakçılar slaydlara baxmış, milli geyimdə olan uşaqlar Litva folklorundan tapmacalar söyləmiş, nağıllardan səhnəciklər göstərmişlər.
Kitabxanada, həmçinin Litvanın adət-ənənələrindən, mədəniyyətindən bəhs edən uşaq kitablarının sərgisi də nümayiş olunmuşdur.
Uşaq ədəbiyyatının tədqiqatçısı Füzuli Əsgərli, uşaq yazıçılarından Gülzar İbrahimova, Reyhan Yusifqızı belə tədbirlərin böyük əhəmiyyət daşıdığını, hər iki xalq arasında əlaqələrin inkişafına dəyərli töhfə verəcəyini qeyd etmişlər.
Sonda Litvanın Azərbaycandakı müvəqqəti işlər vəkili Şarune Kubelyute tədbirin yüksək səviyyədə təşkil olunduğunu demiş və bu işdə əməyi olan hər kəsə dərin təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan və Litva xalqları arasında tarixən mövcud olmuş əlaqələr bu gün də uğurla davam etməkdədir. Gələcəyimiz olan uşaqların tədbirdə fəal iştirakı çox sevindirici haldır. Onlar çox gözəl hazırlaşmışlar. Uşaqların çıxışına valeh oldum.
Şəhla Qəmbərova Litvanın ölkəmizdəki səfirliyi əməkdaşlarının F.Köçərli adına Respublika Uşaq Kitabxanasının tədbirində ilk dəfə iştirak etdiklərini diqqətə çatdıraraq, rəhbərlik etdiyi kollektivin adından Xalq Rəssamı Arif Hüseynovun “Ağıllı qız” əsərini qarşı tərəfə hədiyyə etmişdir.