MƏDƏNİYYƏT
Azərbaycan Beynəlxalq uşaq kitabı sərgi yarmarkasında təmsil olunmuşdur
Bakı, 11 aprel (AZƏRTAC). F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova və şöbə müdiri Sevil Əhmədova Moldovanın Kişineu şəhərində keçirilən uşaqlar və gənclər üçün Beynəlxalq uşaq kitabı sərgi yarmarkasında iştirak etmişlər.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, Moldovanın Uşaq və Gənclər Milli Departamenti Şurasının təşkilatçılığı və İ.Kryange adına Moldova Milli Uşaq Kitabxanasının rəhbərliyi ilə keçirilən bu sərgi yarmarkasında Azərbaycan üçün ayrılmış stenddə uşaq ədəbiyyatımızın ən yaxşı nümunələri nümayiş olunmuşdur.
Burada müasir yazıçılardan Sevinc Nuruqızının, Gülzar İbrahimovanın, Qəşəm İsabəylinin, Elçinin, Solmaz Amanovanın kitabları ziyarətçilərin diqqətini xüsusilə cəlb etmişdir. Həmçinin ölkəmizin tarixini, mədəniyyətini, adət-ənələrini, şifahi xalq ədəbiyyatını əks etdirən kitablar da sərgilənmişdir. Sərgi müxtəlif suvenirlər, ölkəmizin rəmzləri ilə bəzədilmişdir.
Son dövrlərin nəşri olan uşaq kitabları ingilis, rus və Azərbaycan dillərində təqdim olunmuşdur. Sərgi iştirakçılarına Azərbaycanın təbliği məqsədilə açıqcalar, kiçik döş nişanları, kitabxananın bələdçisi və vizit kartı, Respublika Uşaq Kitabxanasının təsisçisi olduğu “Göy qurşağı” jurnalının son nömrələri, müəlliflərin hədiyyə etdiyi uşaq kitabları paylanmışdır.
Sərgi çərçivəsində uşaq ədəbiyyatının inkişafı məsələlərinə dair simpoziumda Zahirə Dadaşovanın “Azərbaycan uşaq kitabxanaları müstəqillik illərində” mövzusunda məruzəsi dinlənilmiş, slaydlar vasitəsilə Respublika Uşaq Kitabxanasının maraqlı tədbirlərindən görüntülər çatdırılmışdır.
Sərginin bağlanışı günü bir çox nominasiyalar üzrə müsabiqə elan olunmuş, münsiflər heyəti uşaq yazıçımız Solmaz Amanovanın “Monastır apteki” kitabını diploma layiq görmüşdür.