MƏDƏNİYYƏT


Bakıda “Dünyanın mədəniyyət rəngləri” adlı yarışmanın açılışı olmuşdur

Bakı, 22 may (AZƏRTAC, Elçin Hüseynov). Mayın 22-də Beynəlxalq Muğam Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhər uşaq və gənclər yaradıcılıq mərkəzləri arasında keçirdiyi “Dünyanın mədəniyyət rəngləri” adlı yarışmanın açılış mərasimi olmuşdur.

AZƏRTAC xəbər verir ki, yarışmanın açılışında çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısından danışmışdır.

Bildirilmişdir ki, Azərbaycanda uşaq problemləri daim dövlətin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və himayədarıdır. Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” layihələrinin reallaşdırılması əsl mərhəmət və xeyirxahlıq nümunəsidir. Mehriban xanım Əliyeva hər il Gülüstan sarayında internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, onları bir araya gətirir, uşaqlarla bir süfrə arxasında əyləşir, səmimiliyi ilə onların hər birinin qəlbinə yol tapır. Bu unudulmaz görüşlər, Azərbaycanın birinci xanımı ilə çəkilən şəkillər uşaqların ömrünün ən əziz xatirəsinə dönür. Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunan Azərbaycan uşaqları istedadları ilə artıq Avropanı heyran qoyurlar.

Qeyd olunmuşdur ki, 22 may - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə təşkil edilən yarışmanın əsas məqsədi uşaqları dünya xalqlarının mədəniyyətləri, adət və ənənələri, ədəbiyyatları, musiqiləri ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hisslərini aşılamaqla istedadlıları üzə çıxarmaq, uşaqları sağlam gələcəyimiz naminə ekologiyamızı qorumaqla bağlı maarifləndirməkdir.

F.Qurbanov demişdir ki, 2000-ci il dekabrın 20-də BMT-nin Baş Məclisi 22 may tarixini Biomüxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin Beynəlxalq Biomüxtəliflik Günü elan etmişdir. O vaxtdan etibarən bu əlamətdar gün bütün dünyada qeyd olunur.

Diqqətə çatdırılmışdır ki, bioloji müxtəlifliyin qorunması ölkəmizdə də prioritet məsələlərdən sayılır. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası 2000-ci ildə Biomüxtəliflik üzrə Konvensiyaya qoşulmuşdur.

Son vaxtlar dövlətimiz tərəfindən biomüxtəlifliyin qorunması istiqamətində görülmüş işlərdən söhbət açılaraq qeyd edilmişdir ki, dövlətimizin başçısı tərəfindən 2006-cı il martın 24-də təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunub saxlanması üçün milli strategiya və fəaliyyət planı” respublika ərazisində bioloji müxtəlifliyin qorunması baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir.

Yarış iştirakçılarına uğurlar arzulayan UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Yarışmada Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan Nəsimi, Sabunçu, Yasamal, Səbail, Binəqədi, Xətai, Nərimanov, Qaradağ, Xəzər, Suraxanı, Pirallahı və Nizami rayonlarının uşaq və gənclər yaradıcılıq mərkəzləri iştirak etmişlər. İştirakçılar müvafiq olaraq Türkiyə, Böyük Britaniya, Hindistan, Gürcüstan, Özbəkistan, İran, İspaniya, Rusiya, İtaliya, Tatarıstan (Rusiya Federasiyası), Yunanıstan və Hollandiyanın nağıllarını təqdim etmişlər. Eyni zamanda, azərbaycanlı uşaqlar həmin dövlətlərdə yaşayan xalqların milli rəqslərini ifa etmişlər.

Münsiflər heyətinin tərkibinə bir sıra qurumların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri daxildirlər.

Tədbirdə “Heydər Əliyev və uşaqlar”, “22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür”, “Biz birlikdəyik” adlı videoçarxlar nümayiş olunmuşdur.

Yarışmanın yekun konserti və qaliblərin mükafatlandırılması mayın 26-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.