MƏDƏNİYYƏT
“Dünyanın mədəniyyət rəngləri” adlı yarışmanın qalibləri mükafatlandırılmışlar
Bakı, 26 may (AZƏRTAC, Aygün Məmmədova). Mayın 26-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhər uşaq və gənclər yaradıcılıq mərkəzləri arasında keçirdiyi “Dünyanın mədəniyyət rəngləri” adlı yarışmanın qalibləri mükafatlandırılmışlar.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Şəhla Qəmbərova, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan və başqaları tədbirin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə təşkil edilmiş yarışmanın əsas məqsədi uşaqları dünya xalqlarının mədəniyyətləri, adət və ənənələri, ədəbiyyatları, musiqiləri ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlara tolerantlıq hissini aşılamaqla istedadlıları üzə çıxarmaq, uşaqları sağlam gələcəyimiz naminə ekologiyamızı qorumaqla bağlı maarifləndirməkdir.
Yarışmada Nəsimi, Sabunçu, Yasamal, Səbail, Binəqədi, Xətai, Nərimanov, Qaradağ, Xəzər, Suraxanı, Pirallahı və Nizami rayonlarının uşaq və gənclər yaradıcılıq mərkəzləri iştirak etmişdir.
Yarışmanın şərtlərinə görə iştirakçılar müvafiq olaraq Türkiyə, Böyük Britaniya, Hindistan, Gürcüstan, Özbəkistan, İran, İspaniya, Rusiya, İtaliya, Tatarıstan (Rusiya Federasiyası), Yunanıstan, Hollandiyanı təmsil etmişlər.
Müxtəlif dövlətlərə mənsub kuklaların hazırlanması nominasiyasında Səbail, kuklalara milli geyimin düzgün seçilməsində Binəqədi, şirma nağıl nominasiyasında Qaradağ, təqdimat-slaydların (video və ya foto) hazırlanmasında Yasamal, təmsil olunan dövlətin milli rəqsinin ifasına görə Xəzər rayonlarının uşaq yaradıcılıq mərkəzləri qalib olmuşlar. Nominasiyalar üzrə qaliblərə diplom və hədiyyələr verilmişdir.
Yarışmanın qalibi olan Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivi kubok və diplomla təltif olunmuşdur.
Yekun konsertində Bakı Xoreoqrafiya Məktəbinin rəqs kollektivi çıxış etmiş, hər bir rayonun kollektivlərinin ifasında mahnı və rəqslər təqdim olunmuşdur.