ELM VƏ TƏHSİL
6 saylı məktəb-liseyin şagirdlərinə Azərbaycan-UNESCO əməkdaşlığı barədə məlumat verilib
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri–UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvü olan Tofiq İsmayılov adına 6 saylı məktəb-liseydə mühazirə ilə çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaradılmasının 25 illiyi münasibətilə şagirdlərlə keçirilən görüşdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) barədə ətraflı məlumat verən E.Sultanov ölkəmizin UNESCO ilə mövcud olan əməkdaşlıq münasibətlərinin tarixindən, Təşkilata üzvlüyündən, Milli Komissiyanın fəaliyyət istiqamətlərindən, əməkdaşlığın cari vəziyyəti və perspektivlərindən bəhs edib. İnteraktiv formada keçən görüşdə E.Sultanov şagirdlərin çoxsaylı suallarını cavablandırıb.
Sonra 6 saylı məktəb-lisey tərəfindən UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsi çərçivəsində həyata keçirilən layihələr barədə video-təqdimat nümayiş olunub. Daha sonra Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş açıq dərs keçirilib, şagirdlər sözügedən mövzu ilə bağlı biliklərini nümayiş etdiriblər.
Sonda, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası tərəfindən nəşr olunan kitablar və Milli Komissiyanın loqosu olan xatirə suveniri məktəbə hədiyyə edilib.
Görüşdə UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsi üzrə Azərbaycan milli koordinatoru Vəfa Yaqublu, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin əməkdaşları, 6 saylı məktəb-liseyin müəllim heyəti iştirak ediblər.
Qeyd olunmalıdır ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi münasibətilə UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə daxil olan Azərbaycan məktəblərində il ərzində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.