SİYASƏT
Türkiyə Prezidenti Azərbaycanın baş prokurorunu qəbul edib VİDEO
İstanbul, 17 mart, AZƏRTAC
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarətlə başlayıb. Atatürkün məzarı önünə əklil qoyulub, xatirəsi yad olunub.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş prokuror Zakir Qaralovu qəbul edib.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, hüquq mühafizə orqanları arasında da əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.
Səfər çərçivəsində Türkiyə Ali Məhkəməsinin baş prokuroru Hasan Erbillə də görüş olub.
Görüşdə Türkiyə Baş Prokurorluğunun strukturu və fəaliyyətini əks etdirən videomaterial nümayiş olunub.
Tərəflər qardaş ölkələrimizin prokurorluq orqanları arasındakı əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonra Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu arasında anlaşma memorandumu imzalanıb.
Tərəflər anlaşma memorandumunun imzalanmasını mühüm hadisə kimi qiymətləndirərək, onun qardaş ölkələrin prokurorluq orqanları arasında təcrübə mübadiləsi, tədris və digər sahələrdəki əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini bildiriblər.
Azərbaycan nümayəndə heyəti Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit ilə də görüşüb.
Zakir Qaralov Türkiyə Ali Məhkəməsinin sədri vəzifəsinə yeni seçilən Rüştü Ciritə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin məktubunu çatdırıb.
İsmail Rüştü Cirit tezliklə Azərbaycana səfər edəcəyini bildirib.
Ulu öndər Heydər Əliyevin Türkiyə ilə münasibətlərə daim böyük önəm verdiyini xatırladan Zakir Qaralov qeyd edib ki, iki qardaş ölkə arasındakı hərtərəfli əməkdaşlıq əlaqələri dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında sürətlə inkişaf edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul