SİYASƏT
Tanınmış misirli jurnalist AZƏRTAC-ın qonağı olub VİDEO
Bakı, 18 may, AZƏRTAC
“Əl-Mısri əl-Yaum” qəzeti AZƏRTAC-la sıx əməkdaşlıq etmək istəyir. Agentliyinizin materialları bizim qəzetin səhifələrində yayımlana bilər.
Bu sözləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Misirin tanınmış jurnalisti, “əl-Mısri əl-Yaum” qəzetinin redaktorunun müşaviri xanım May Azzam deyib.
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana gələn misirli jurnalist ölkəmizin artan nüfuzunun və inkişafının doğurduğu informasiya axınının KİV-in, xüsusilə xəbər agentliklərinin üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edərək, bu sahədə AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirib.
Baş direktor AZƏRTAC-ın beynəlxalq əlaqələrindən danışaraq bildirib ki, agentlik bir sıra mötəbər media təşkilatlarının rəhbərliyində təmsil olunur, onların işində yaxından iştirak edir. O, qeyd edib ki, AZƏRTAC 2016-2019-cu illərdə iki beynəlxalq media təşkilatına – Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına və Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək.
Görüşdə, həmçinin müasir dünyada medianın vəziyyəti, ənənəvi KİV-in üzləşdiyi problemlər və onların həlli yolları barəsində fikir mübadiləsi aparılıb.
Misirli qonaq AZƏRTAC-ın fotoinformasiya baş redaksiyasının, multimedia və videoxəbər şöbəsinin işi ilə də tanış olub.