MƏDƏNİYYƏT
F.Köçərlinin ədəbi-bədii irsinə dair biblioqrafik kitabın təqdimatı keçirilib
Bakı, 22 may, Flora Şükürova, AZƏRTAC
Mayın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Firidun bəy Köçərli: biblioqrafiya” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə kitabxananın direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli çıxış edərək, F.Köçərli yaradıcılığından, nəşrin əhəmiyyətindən danışıblar.
Sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası ilə işıq üzü görən bu kitabın respublikamızın ədəbi-elmi ictimaiyyətini yazıçının ədəbi-bədii irsinə dair toplanmış bütün materiallarla tanış etməkdə mühüm rol oynayacağını vurğulayıb.
Təqdimat mərasimində Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi F.Köçərlinin yaradıcılığına həsr olunmuş “Vətən, millət fədaisi” adlı kitab sərgisi, həmçinin videoslaydlar nümayiş etdirilib.