SİYASƏT
Novruz Məmmədov: Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı Azərbaycanın öz mövqeyi var VİDEO
Riqa, 22 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində deyib ki, Riqa sammitinin məqsədi Avropa İttifaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” dövlətlərinin əməkdaşlığının mövcud vəziyyətini, problemləri və perspektivləri müəyyənləşdirməkdən, nəzərdən keçirməkdən ibarətdir.
“Şübhəsiz, Aİ ilə əməkdaşlıqla bağlı bizim öz mövqeyimiz var. Forumun yekun bəyannaməsindən narazılığımızı bildirdik. Çünki o, Aİ ilə Azərbaycanın əməkdaşlığının xarakterinə uyğun gəlmir. Azərbaycan postsovet məkanında Avropa İttifaqı ilə uğurlu, hərtərəfli əməkdaşlıq edən bir dövlətdir. Amma həmin sənəddə Azərbaycanla bağlı müddəalar bu əməkdaşlığın ruhuna cavab vermir” - deyə N.Məmmədov qeyd edib.
Eyni zamanda, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasından da narazılığını ifadə edən N.Məmmədov deyib: “Biz bütün bunları Aİ rəhbərliyinə, sammitdə iştirak edən dövlətlərin nümayəndə heyətlərinə açıq şəkildə çatdırdıq. Bununla bağlı çox böyük gərginlik yarandı. Biz ümumi bəyannaməyə öz xüsusi mövqeyimizi bildirməklə razılıq veririk. Xüsusi mövqeyimizi isə rəsmi surətdə yazıb göndərəcəyik”.
N.Məmmədov onu da qeyd edib ki, Azərbaycan Aİ ilə enerji, siyasi islahatlar, terrorizmlə mübarizə sahəsində sıx əməkdaşlıq edir. İkinci belə bir dövlət yoxdur. “Odur ki, bizi başqa dövlətlərlə bərabər tutmaq düzgün deyil. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, bizim Avropa İttifaqı ilə münasibətlərimiz xüsusi xarakter, strateji tərəfdaşlıq xarakteri daşımalıdır. Biz münasibətlərimizi bu istiqamətdə qurmaq istəyirik. Bu dəfə də təklifimiz və tələbimiz bu idi ki, münasibətlərimizi başqaları ilə eyni çərçivədə yox, ayrıca - strateji tərəfdaşlıq sənədi əsasında quraq.
Danışıqlar da bu istiqamətdə gedirdi. Təkliflərimiz və iradlarımız Avropa İttifaqı tərəfindən nəzərə alınmasa, gələcəkdə bu əməkdaşlıq, əməkdaşlığın xarakteri ilə bağlı mövqeyimizi bildirəcəyik” - deyə N.Məmmədov vurğulayıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa