İDMAN
Dünya çempionatında iştirak edəcək sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın heyətləri açıqlanıb VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Sentyabrın 7-dən 12-dək ABŞ-ın Las-Veqas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Mundialda çıxış edəcək sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın heyətləri artıq məlumdur.
AZƏRTAC xəbər verir ki, Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə dünya çempionatında iştirak edəcək komandaların heyəti açıqlanıb.
Yarışların ilk iki günündə mübarizə aparacaq yunan-Roma güləşi üzrə seçməmizin heyəti Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətidən (130 kq) ibarət olacaq. Yığmamız baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.
Dünya çempionatında sərbəst güləş yarışlarında ölkəmizin idman şərəfini Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qoruyacaqlar. Yığmamıza baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiya rəhbərlik edəcəklər.
Komandanın hazırlıq prosesindən razı qaldığını bildirən AGF-in birinci vitse-prezidenti Namiq Əliyev daha çox sayda Olimpiya lisenziyası qazanmaq istədiklərini bildirərək deyib: “Komandanın hazırlıq prosesindən razıyam. Bildiyiniz kimi, dünya çempionatı Rio Olimpiadasına ilk lisenziya yarışıdır. Gələn il daha bir neçə lisenziya turniri olacaq. Amma məhz dünya çempionatında bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik. Yalnız ondan sonra Olimpiya Oyunlarına daha rahat hazırlaşa bilərik. Düşünürəm ki, ABŞ-da çıxış etmək asan olmayacaq. Amma güləşçilərimizə inanırıq. Heyətimiz kifayət qədər təcrübəli idmançılardan ibarətdir. Güləşçilərimizin 90 faizi dünya və Avropa çempionu, beynəlxalq yarışların mükafatçılarıdır. Onların hər biri artıq xalçada öz sözünü deyib. Rövşən Bayramova gəlincə, indi o, optimal formadadır".
N.Əliyev, həmçinin bildirib ki, əsas məqamlardan olan uyğunlaşma prosesini də nəzərə almışıq. Buna görə də ABŞ-a avqustun 31-də yola düşəcəyik. İlk olaraq, mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaqlar. Adaptasiya ilə bağlı problem olmayacaq.