8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN QADINLARINA TƏBRİK
Əziz analar və bacılar!
Sizi – bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
8 Mart bəşəriyyətin ülvi bir varlıq olan qadına bəslədiyi məhəbbət və ehtiramı parlaq ifadə etdirən bayram kimi dünyada geniş qeyd olunur. İnsan cəmiyyətinin mədəni inkişaf səviyyəsi və yüksəlişi orada qadına, anaya olan münasibət ilə sıx bağlıdır. Qadınlar bəşəriyyətin taleyüklü problemlərinin həllinə həmişə öz töhfələrini vermiş və bu gün də müasir dünyanın inkişaf istiqamətlərinin müəyyən edilməsində böyük xidmətlər göstərirlər.
Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Qadın adına hədsiz məhəbbət və ehtiram söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Görkəmli sənətkarlarımız Azərbaycan qadınının gözəlliyini, mənəvi saflığını, mərdliyini və sədaqətini öz əsərlərində dönə-dönə tərənnüm etmişlər. Xalqımızın təfəkküründə ən əziz, ən qiymətli bilinən Vətən, torpaq, dil anlayışlarının ana adı ilə bağlı olması da qadın, ana adına verilən yüksək qiymətin əyani təzühürüdür.
Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə gedən siyasi, ictimai, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması, hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi yüksəlişin təmin olunması işlərinin gerçəkləşdirilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu indiki dövrdə Azərbaycan qadını gəncləri vətənə sədaqət ruhunda tərbiyə edərək onları xalqa, cəmiyyətə layiqli övlad yetişdirmək kimi müqəddəs vəzifənin öhdəsindən şərəflə gəlir. Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.
Əziz qadınlar!
Hamınıza cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar diləyirəm.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
6 mart 2004-cü il.