8 Noyabr - Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan bir gündür
Aşqarlar Kimyası İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, noyabrın 8-i Azərbaycanın müstəqillik tarixinə şərəflə və qızıl hərflərlə yazılan bir gündür: “Çünki 30 illik erməni işğalına son qoyan bu tarix xalqımıza indiyə qədər yaşamadığı sevinci yaşatmış, vətəndaşlarımızı qalib ölkənin qürurlu vətəndaşına çevirmişdir”.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində ordunun, xalqın və hakimiyyətin möhkəm bir yumruq şəklində birləşməsi böyük Qələbəmizin qazanılmasında həlledici rol oynadı. Zəfərin əldə edilməsində Müzəffər Ali Baş Komandan, qüdrətli ordu və xalqın birliyi “dəmir yumruq” oldu və əzəli torpaqlarımızı düşmənlərdən təmizlədi.
Sonra bayram ərəfəsində institut əməkdaşlarının Şuşa, Xankəndi və Laçın şəhərlərinə ekskursiyasına və Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi. Əməkdaşlar öz təəssüratlarını bölüşüb, Vətən müharibəsində ordunun və xalqın göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan, dövlət və xalqın müharibə şəhidləri və qazilərinə göstərdikləri qayğı və köməkdən bəhs ediblər.