MƏDƏNİYYƏT


Bayrağımızın rəngləri gözümüzə nur verir

Bakı, 7 noyabr, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər və incəsənət şöbəsi 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə “Bayrağımın rəngləri gözümüzə nur verir” məktəblərarası illüstrasiyalı kitab müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları kitabxananın oxu zalında təşkil olunmuş müsabiqə iştirakçılarının illüstrasiyalı kitabları və Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımın rəngləri gözümüzə nur verir” adlı kitab sərgisi ilə tanış olublar.

Tədbirdə kitabxananın direktor müavini Zahirə Dadaşova Dövlət Bayrağı Günü ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan bayrağı xalqımızın müstəqilliyinin və istiqlalının rəmzidir, namus və qeyrət emblemi olub dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqəsidir. Bayrağı yenilməz edən millətin övladlarıdır. İnanırıq ki, tarixin bütün dönəmlərində qalib çıxmış Azərbaycan bayrağı tezliklə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağda dalğalanacaq.

Tədbir iştirakçıları, həmçinin Bayraq gününə həsr olunmuş filmə baxıblar. Tədbirdə XXI Əsr Məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış edib, Bakı Modern Məktəbinin və Nəsimi rayonundakı 164 nömrəli məktəbin şagirdləri bayrağa həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.

Sonra “İllüstrasiyalı kitab” müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Birinci yerə düzgün kitab nominasiyasına görə Səbail rayonu 7 nömrəli orta məktəb, ikinci yerə ən yaxşı əl işi nominasiyasına görə Bakı Modern Məktəbi, üçüncü yerə əlyazma kitab nominasiyasına görə N.Nərimanov rayonu 212 nömrəli məktəb, dördüncü yerə isə oxucu seçimi nominasiyası üzrə Yasamal rayonu 53 nömrəli məktəb layiq görülüb. Qaliblər diplom və hədiyyələrlə təltif olunub.

Tədbirdə iştirak edən bütün oxuculara isə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı və kitablar hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.