İQTİSADİYYAT
Məcburi köçkünlərə kreditlər verilmişdir
Beyləqan, 24 yanvar (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda 2012-ci ildə ilk tədbirini Beyləqan rayonu ərazisində Xocavənd qəsəbəsində keçirmişdir. Tədbirdə Xocavənd və işğal altında olan digər rayonlardan 130-a yaxın məcburi köçkün iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi SKMF-in güzəştli kreditləri hesabına Beyləqan rayonunun Şəfəq qəsəbəsində “Əkinçi-BO fermer təsərrüfatı” MMC tərəfindən inşa olunan soyuducu anbar kompleksinin fəaliyyətinə və “Bərdə yağ-pendir Azqida” MMC-nin illik emal gücü 6 min ton olan süd emalı müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.
Tədbirdə Xocavənd qəsəbəsində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin, tikiş sexinin və tamet (plitə daşları) istehsalı sexinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu layihələrin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələrin nümunələri, digər metodiki materiallar paylanmışdır.
Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirmiş, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Yuxarı Qarabağ regional bölməsinin müdiri Aslan Aslanov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sahibkarlığın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə çıxış etmişlər.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev 2011-ci ildə Fondun fəaliyyətinin yekunları, güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat vermişdir.
2012-ci ildə qarşıda duran əsas vəzifələrdən bəhs edən Ş.Abdullayev bildirmişdir ki, bu il sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə Fondun tarixində ilk dəfə olaraq maksimal məbləğdə 200 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır. Bu vəsaitin yönəldiləcəyi prioritet sahələr və əsas hədəflər barədə tədbir iştirakçılarına məlumat verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 49 sahibkara 459 min manat, o cümlədən Xocavənd və işğal edilmiş digər rayonlardan olan 38 məcburi köçkün sahibkara 332 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 70-ə yaxın yeni iş yeri yaradılacaqdır.