MƏDƏNİYYƏT


Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yaradılmasından 50 il keçir

Bakı, 22 dekabr, Salehə Əliyeva, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yaradılmasının 50 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarına bu kitabxananın tarixi və fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitabxananın kollektivini yubiley münasibətilə təbrik edib. O xatırladıb ki, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də M.Qorki adına Kitabxana Fondunun əsasında Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb və hazırda Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərir.

Ə.Qarayev deyib: “Bu gün informasiya texnologiyaları kitabı sıxışdırıb çıxara bilməyib. Uşaqların inkişafında kitabın əhəmiyyəti barədə Firidun bəy Köçərlinin fikirləri 50 il ərzində öz aktuallığını itirməyib. Oxucuların sayı göstərir ki, uşaqlar kitabı sevirlər”.

Ə.Qarayev qeyd edib ki, kitabxanalarla iş Mədəniyyət və Turizm Nazirliyinin əsas işidir. Kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsinə daim diqqət yetirilir, onların fəaliyyəti təkmilləşdirilir. İnternetin mövcud olmasına baxmayaraq, uşaq ədəbiyyatına tələbat və onun çatışmaması hiss olunur.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının kollektivi var qüvvə ilə işləməyə çalışır, Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan bütün uşaq kitabxanaları üçün metodik mərkəz funksiyasını yerinə yetirir. Kitabxanada nağıllar otağı, incəsənət otağı, böyük və kiçik oxu zalları, elektron resurslar şöbəsi, multimedia bölməsi və internet resurslar mərkəzi yaradılıb.

Qeyd edilib ki, hazırda kitabxana fondunun ümumi həcmi 250 min çap vahidi təşkil edir. Kitabxananın qəzet və jurnal fondu, 8 şöbəsi, 4 sektoru və 2 oxu zalı var. Rayonlarda bu kitabxananın 4 filialı fəaliyyət göstərir.

Sonra kitabxananın bəzi əməkdaşları təltif edilib.

Nazir Ə.Qarayev həmin əməkdaşlara “Kitabxananın 50 illiyi ilə əlaqədar səmərəli fəaliyyətinə görə” diplomlar, pul mükafatı və döş nişanları təqdim edib.

Yubiley mərasimində TÜRKSOY təşkilatının baş direktoru Düsen Kaseinov da iştirak edib. D.Kaseinov başçılıq etdiyi təşkilatın adından və şəxsən öz adından kitabxananın kollektivini yubiley münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

D.Kaseinov Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə də təbrik edib.

Sonda Bakı məktəblərinin şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.