Gəncənin dekorativ tətbiqi sənət ustaları Bakıda keçiriləcək Novruz bayramına hazırlaşırlar VİDEO
Gəncə, 9 mart, Rauf Hacıyev, AZƏRTAC
Gəncənin dekorativ tətbiqi sənət ustaları, sənətkarları hər il olduğu kimi, bu il də Bakıda Novruz şənliyində təşkil olunacaq sərgilərdə iştirak edəcəklər. Onlar bu sərgilərdə Gəncəni layiqincə təmsil etmək üçün geniş hazırlıq işlərinə başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Məhsəti Gəncəvi Mərkəzində fəaliyyət göstərən Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri Məhbubə Həsənovanın əl işlərindən ibarət geniş kolleksiya hazırlanıb. Əsasən qarışıq texnika ilə işləyən rəssam, dekorativ sənət ustası Məhbubə Həsənovanın əl işləri yazın gəlişinə, Novruz bayramının atributlarına, həmçinin qədim Gəncənin zəngin mədəniyyətinə və çoxəsrlik tarixinə həsr olunub.
Dekorativ sənət ustasının kolleksiyasında ən çox diqqəti cəlb edən Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin kibrit çöplərindən hazırlanan türbəsinin maketidir. Məhbubə Həsənovanın “Xəmsə”nin motivləri əsasında çəkdiyi “Leyli Məcnun”, “Yeddi Gözəl”, həmçinin “Məhsəti Gəncəvi”, “Mirzə Şəfi Vazehlə Bodenştedtin söhbəti” adlı əsərləri Gəncə şəhərinə və onun tarixi şəxsiyyətlərinə həsr olunub. Bununla bərabər sənətkar hazırladığı kolleksiyada Novruz bayramına və onun atributlarına da geniş yer ayırıb. Dekorativ sənət ustasının kolleksiyasında diqqət çəkən məqamlardan biri odur ki, rəssam ilk baxışda heç nəyə yaramayan və diqqət çəkməyən əşyalara yaradıcı yanaşaraq, onlara incə əlavələr etməklə dəyərli əl işləri ərsəyə gətirib. Bu baxımdan Məhbubə Həsənovanın yumurta qabıqlarından hazırladığı “Bahar qız”ın və milli geyimli Azərbaycan xanımlarının gəlincikləri kolleksiyanın qiymətli nümunələrindəndir.
Maraqlı əl işləri hazırlayan sənətkar sərgiyə gələcək tamaşaçıların zövqünü oxşamaq üçün fərqli texnikalardan və üsullardan istifadə edib. O, samovarın kibrit çöplərindən maketini hazırlayıb, armudu stəkanların və çini nəlbəkilərin üzərini müxtəlif rəng və naxışlarla bəzəyərək onlara dekorativ görkəm verib. Şüşə butulkaların kənarını naxışlarla haşiyələyib, üzərində bədii qəhrəmanların illüstrasiyalarını çəkib.
Məhbubə Həsənova qeyd edib ki, sərgiyə qədər əl işlərinin və rəsmlərin sayını daha da artırmaq fikrindədir.