CƏMİYYƏT
Azərbaycan-İran dövlət sərhədindəki əməliyyat şəraitinə dair fikir mübadiləsi aparılıb VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Qonaqlar DSX-nin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev ilə görüşüblər.
Görüşdə Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə İranın Sərhəd Qoşunları arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan–İran sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, habelə Xəzər dənizində qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, qeyri-leqal miqrasiya və qaçaqmalçılıq fəaliyyətinin, narkotik maddələrin, silah-sursatın qanunsuz daşınmasının qarşısının alınmasının vacibliyi vurğulanıb. Həmin sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.
Bununla yanaşı, Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara–Astara dəmir yolu xəttinin birləşdirilməsi və bundan irəli gələn digər məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi, digər maraq doğuran məsələlər müzakirə edilib.
Görüşdə dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, zəbt olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edilməsi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilib. Həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində İran nümayəndələrinə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur.