Həmvətənlərimiz Novruzu Vyana ictimaiyyəti ilə birgə qeyd ediblər VİDEO
Vyana, 10 mart, AZƏRTAC
Martın 9-da Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Avstriyanın dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova iştirakçılara baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat verib. Bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi özündə bir sıra adət-ənənələri yaşadır. Elə buna görə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Tədbirdə Novruz bayramına xas elementlərdən də söhbət açılıb. Qeyd edilib ki, Azərbaycanda sülh, əmin-amanlıq və sevgi rəmzi olan Novruzda bütün incikliklər köhnə ildə qalır, küsülülər barışır, qohumlar, dostlar bir-birinə baş çəkir, əsl bayram əhval-ruhiyyəsi hökm sürür.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Novruz bayramının xaricdə yaşayan həmvətənlərimiz tərəfindən də geniş qeyd edildiyini bildirib. Vurğulayıb ki, Novruz soydaşlarımızı azərbaycançılıq dəyərləri ətrafında daha sıx birləşdirir, mədəniyyətimizi yaşadıqları ölkələrin ictimaiyyətinə yaxından tanıtmaq imkanı verir. Səfir soydaşlarımızı yerli ictimaiyyətlə əlaqələri inkişaf etdirməyə, diaspor fəaliyyətini və ölkəmizin təbliğini daha da genişləndirməyə çağırıb.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi qrupu bayram konserti ilə çıxış edib. Universitetin müəllimi, Azərbaycan Respublikasının Əməkdar Artisti, xanəndə Teyyub Aslanov, xanəndələr Günay Mehdiyeva və Murad Kəngərli Azərbaycan xalq mahnılarını, muğam və təsniflərini, universitetin tələbələri Cəmilə Məmmədova, Nərgiz Məmmədova, Akif Kərimli və Seymur Nəbizadə isə “Naxçıvani”, “Dərbəndi”, “Qaytağı”, “Yallı” rəqslərini məharətlə ifa ediblər.
Sonra qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanılıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana