REGİONLAR
Ağsuda II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı başlayıb VİDEO













Ağsu, 15 mart, Adil Ağayev, AZƏRTAC
Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, martın 14-dən başlayan II Beynəlxalq Tərəkəmə Çərşənbəsində 300-dən çox insan iştirak edir. Onlar arasında Türkiyə, Gürcüstan, Misir, Hindistan, Türkmənistan, İndoneziya və Qazaxıstandan gələn nümayəndələr və folklor qrupları da var.
Festivalda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Yaandost Asanov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət işləri müdiri Murat Karaçanta, Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi, AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Kübra Əliyeva, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli bu tədbirin türk dünyasının adət-ənənələrinin təbliğində, ümumən dünya xalqları arasında mədəni əlaqələrin qurulmasında, bəşəri dəyərlərin öyrənilməsində əhəmiyyətindən danışıblar.
Folklor qruplarının çıxışları ilə davam edən festivalda iştirakçılar müxtəlif ölkələrin adət-ənənələri ilə tanış olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq və s. imkanı qazanıblar. Orta əsr Ağsu şəhəri və Mehrəvan qalasında aşkar olunan arxeoloji tapıntılar, Misir nümayəndələrinin təşkil etdikləri sərgi, müxtəlif çeşidli Gəgəli palazları da hər kəsdə böyük maraq yaradır.
Festival 3 gün davam edəcək.
Qeyd edək ki, Tərəkəmə Çərşənbəsi türk obalarında Axır çərşənbə günü ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlıdır. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə də, Şirvan bölgəsinin oğuz türk obalarından olan Gəgəli kəndində ən yaxşı şəkildə günümüzədək gəlib çatıb. Hər il Tərəkəmə Çərşənbəsi günü kənd sakinləri səhərə qədər yatmır, səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər. 2011-ci ildə bu adətlə bağlı film də çəkilib, 2015-ci ildə isə I Beynəlxalq Tərəkəmə Çərşənbəsi keçirilib.
Festivalın təşkilatçılarından olan “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin məqsədi Tərəkəmə Çərşənbəsi ənənəsinin UNESCO-nun qeyri-mədəni irs siyahısına salınmasına nail olmaqdır.