“Məzun-2016” yarmarkasında 700-dən çox vakant iş yeri təklif olunub VİDEO
Gəncə, 17 may, Rauf Hacıyev, AZƏRTAC
Məzunlarının əmək bazarında uğurlu karyerasını əsas meyar kimi qarşıya məqsəd qoyan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Məzun-2016” yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, 1198 məzunun işlə təminatına kömək məqsədi daşıyan sayca səkkizinci yarmarkada ölkənin 36 rayonundan 130-a yaxın müəssisə və təşkilat ümumilikdə 700-dən çox vakant iş yeri təklif edib.
Yarmarkada kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Gəncədə fəaliyyət göstərən elm və təhsil müəssisələrinin rəhbərləri, həmçinin bir sıra holdinq, şirkət, müəssisə və təsərrüfatların təmsilçiləri iştirak ediblər.
Tədbiri açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov məzunları təbrik edərək deyib ki, onların universitetdə aldıqları zəruri biliklər, qazandıqları zəngin təcrübə gələcəkdə aqrar kadrlar kimi çalışacaqları müəssisə və təsərrüfatlara töhfələr verəcəyinə əminlik yaradır.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov vurğulayıb ki, ölkənin ərzaq təhlükəsizliyi və əhalinin zəruri ərzaq məhsulları ilə təminatı dövlətin qarşısında duran prioritet məsələlərdən biridir. Buna görə də aqrar sahədə məşğulluğun stimullaşdırılması, məhsuldarlığın yüksəldilməsi və ixrac yönümlü məhsul istehsalının artırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanıb, tapşırıqlar verilib.
Daha sonra yarmarka açıq elan edilib və iştirakçılar burada təmsil olunan bir sıra holdinq, şirkət, müəssisə və təsərrüfatların məhsulları, eləcə də vakant iş yerləri ilə tanış olublar.
Yarmarkada Grand Motors, Səba, Qarabağ Taxıl, Biləsuvar Süd, Azərtoxum, Aqro Dairy, Azərsun Holding, Nurgün Aqro, Hacıqabul Quşçuluq, Bozdağ Heyvandarlıq Kompleksi, Qəbələ Jalə Konserv Zavodu, Bərdə Yağ-Pendir və digər iri şirkətlər, holdinqlər, səhmdar cəmiyyətlər gələcəyin aqrar mütəxəssislərinə öz məhsullarını və vakant iş yerlərini təklif ediblər.