CƏMİYYƏT
“SilkWay" şirkətinə məxsus An-12 yük təyyarəsi maneəyə dəyərək qəzaya uğrayıb VİDEO
Bakı, 19 may, AZƏRTAC
Azərbaycanın "SilkWay" aviaşirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov jurnalistlərə deyib.
Administrasiya rəisinin sözlərinə görə, təyyarənin hansı maneəyə dəyməsi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.
Hadisə təyyarənin Əfqanıstanın Dvayer hava limanında havaya qalxması zamanı baş verib. Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya artıq Əfqanıstana yola düşüb.