REGİONLAR
İspaniyalı musiqiçi: Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətlərarası dialoqa öz töhfəsini verir VİDEO
Qəbələ, 1 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Beynəlxalq Musiqi Festivalı əvvəlki illərdəkindən daha mükəmməl təşkil olunub. Burada tamaşaçılar Azərbaycan və Avropa mədəniyyətinin, musiqisinin şahidi olur, klassik bəstəkarların əsərlərini dünya şöhrətli musiqiçilərin canlı ifasında dinləyirlər. Bu festival, eyni zamanda, musiqi vasitəsilə dünya xalqları arasında mədəniyyətlərarası dialoqa da öz töhfəsini verir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İspaniyanın “Kastro Romero Flamenko” Ansamblının rəhbəri Rikardo Kastro Romero deyib. O, VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının ona xoş təəssürat bağışladığını və bu füsunkar təbiət guşəsində belə gözəl musiqi tədbirində iştirak etməkdən məmnun olduğunu bildirib.
“Zənnimcə biz tamaşaçılar qarşısında flamenqo sənətini yüksək səviyyədə təqdim edə bildik. Alqışlar və təqdim olunan çoxlu gül dəstələri bizi daha da ruhlandırdı. Rəqqaslarımız Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozunu nümayiş etdirdilər. Düşünürəm ki, bu festivalın miqyası gələcəkdə artaraq daha çox ölkələrdən iştirakçılar cəlb edəcək”, - deyə ispaniyalı musiqiçi vurğulayıb.