Azərbaycan təmsilçiləri “Tank biatlonu” müsabiqəsinin yarımfinalına vəsiqə qazanıblar VİDEO
Bakı, 8 avqust, AZƏRTAC
Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları-2016” çərçivəsində təşkil edilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları fərdi yarışların növbəti mərhələsində bütün hədəfləri məhv edərək Ermənistan komandasını qabaqlayıb və yarımfinala vəsiqə qazanıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 18 ölkədən 54 tank heyətinin qatıldığı 15 mərhələdən ibarət “Tank biatlonu” müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edəcək. Yarımfinalda tankçılarımız 4 komandadan ibarət qruplarda avqustun 11-də Rusiya, Serbiya və Hindistan komandaları ilə gücünü sınayacaq.
Avqustun 13-də yekun vurulacaq yarışların finalına 4 komanda çıxacaq. Ən yaxşı heyət sıralamasında Azərbaycan tankçıları 5-ci yerdədir.