ADPU-nun Şəki filialının direktoru: Məzunlarımız müəllimlik peşəsini şərəflə yerinə yetirirlər
Şəki, 11 mart, Mustafa Dadaşov, AZƏRTAC
Bu gün Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Şəkidə fəaliyyət göstərən ilk ali təhsil müəssisəsinin - Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının 30 illik yubileyinin qeyd edilməsi bizim hər birimizi qürurlandırır. Düz 30 il əvvəl ölkənin şimal-qərb bölgəsində ali təhsilli pedaqoji kadrlara olan tələbatı ödəmək, həmçinin elmi-mədəni mühiti inkişaf etdirmək məqsədilə Bakı Dövlət Universitetinin Şəki filialı kimi fəaliyyətə başlayan bu təhsil ocağı öz üzərinə çox müqəddəs bir missiyanı götürdü. Yeni fəaliyyətə başladığı illərdə çətinliklərlə üzləşməsinə baxmayaraq, onların öhdəsindən ləyaqətlə gəlməyi bacaran bu təhsil ocağı ötən müddətdə minlərlə ali təhsilli pedaqoji kadr hazırlayıb, ölkəmizdə təhsilin inkişafına öz töhfələrini verib.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rəsulov bildirib.
Direktor qeyd edib ki, hazırda bu təhsil ocağı üzərinə düşən vəzifələri uğurla yerinə yetirməklə bölgədə və ümumilikdə ölkəmizdə pedaqoji kadrlara olan ehtiyacın ödənilməsinə töhfələrini verir. 30 il ərzində filialda 5 mindən çox ali təhsilli pedaqoji kadr hazırlanıb, 6 mindən çox müəllimin ixtisasının artırılması və təkmilləşdirilməsi həyata keçirilib. Ali məktəbin yetirmələri ölkənin bütün bölgələrində müəllimlik peşəsini şərəflə yerinə yetirirlər. Filialın məzunları müxtəlif dövlət qurumlarında çalışır, elmi-tədqiqat sahəsində uğurlu fəaliyyət göstərirlər.
“İnanıram ki, filialımızın kollektivi fəaliyyətinin 4-cü onilliyində daha böyük uğurlara imza atacaq, sağlam əqidəli, milli ruha malik nəslin yetişdirilməsi istiqamətində səylə çalışacaq, Azərbaycanın işıqlı gələcəyi, elm və təhsilimizin inkişafı naminə əlindən gələni əsirgəməyəcək”,- deyə Rafiq Rəsulov qeyd edib.