Ağcabədili fermer pambıq tarlalarının hər hektarından 50 sentnerdən artıq məhsul götürür
Ağcabədi, 1 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini Tofiq İsmayılov uzun müddətdir pambıqçılıqla məşğul olur. Keçən il becərdiyi 40 hektar pambığın hər hektardan 52 sentner məhsul götürən fermer bu il də tarlalarda bol məhsul yetişdirib.
Tofiq İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ölkəmizdə pambıqçılığın dirçəldilməsi digər kənd sakinləri kimi onun da sevincinə səbəb olub: “Dövlət başçısı ötən ilki əməyimi yüksək qiymətləndirərək məni 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi. Bu mükafatı zəhmətimə verilən ən yüksək qiymət kimi dəyərləndirirəm. Bu il isə ruhlanaraq pambıq əkinlərini 10 hektar da artırıb 50 hektara çatdırmışam. Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Odur ki, bu il də tarlalarda bol məhsul yetişib. Artıq pambıq yığımına başlamışıq. Çalışacağam ki, ötən ildəkindən də yüksək məhsul götürüm. Gələcəkdə isə pambıq sahələrini daha da genişləndirəcəm".
Qeyd edək ki, Ağcabədi rayonunda bu il 10 min hektarda pambıq becərilib. Ötən il tarlalardan 20 min 497 ton pambıq istehsal edən Ağcabədi pambıqçıları bu il bu rəqəmi 25 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.