Andalusiyada parlament seçkiləri keçirilib
Madrid, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də İspaniyanın Andalusiya vilayətində növbədənkənar parlament seçkiləri keçirilib.
AZƏRTAC xəbər verir ki, seçkilər İspaniyada keçiriləcək ümumi seçkilər öncəsi ilk sınaq hesab olunur. Belə ki, Andalusiya Kastiliya və Leon muxtar vilayətindən sonra ikinci, əhalisinin sayına görə isə (8,5 milyon nəfər) birinci böyük ərazi vahididir. Bu muxtariyyətin siyasi həyatında baş verən hadisələr ümumispan tendensiyasına təsirsiz ötüşmür. Bu baxımdan bütün İspaniyadakı seçkilərin baş tutub tutmayacağı Andalusiyada keçirilən növbədənkənar seçkilərin nəticələrindən asılı olacaq.
Muxtar vilayətdə 6,28 milyon seçicinin iştirakı ilə keçirilən seçkilərin ilkin nəticələri gecə saatlarında məlum olacaq. Seçki məntəqələrində səsvermə prosesinin gec başa çatması Kadis məntəqəsində baş verən gecikmə ilə bağlıdır. Belə ki, yerli vaxtla saat 9:30-da bu məntəqədə "Ekuo" Yaşıllar Partiyasının bülletenlərinin olmaması məlum olub və onlar gətirilənədək məntəqələr saat 11:00-dək bağlı qalıb.
Vilayət seçkilərində iştirak edən əsas siyasi partiyalar sol-mərkəzçi İspaniya Sosialist Fəhlə Partiyası, sağ təmayüllü Xalq Partiyası, mərkəzçi Vətəndaş Partiyası və solçu "İrəli, Andalusiya" koalisiyasıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid