ELM VƏ TƏHSİL
“Aristotel fəlsəfəsinin müasir interpretasiyaları” mövzusunda elmi seminar keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da AMEA-nın Fəlsəfə İnstitutunda “Aristotel fəlsəfəsinin müasir interpretasiyaları” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə Aristotelin dünyanın ən böyük filosoflarından biri olduğunu, onun fəaliyyəti nəticəsində qədim yunan fəlsəfəsinin ən parlaq dövrlərini yaşadığını söyləyib. Aristotel fəlsəfəsinin bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərdiyini deyən alim filosofun sələflərindən fərqli olaraq Şərq-Qərb fəlsəfi ideyasını birləşdirdiyini bildirib. Qeyd edib ki, Aristotel ilk dəfə fəlsəfədə insan düşüncəsinin bütün sahələrini əhatə edən sistem yaradıb, həmçinin sosiologiyanın fəlsəfədən ayrı olduğunu sübut edib, o cümlədən azad insanları mülkiyyətlərinə görə siniflərə bölərək sinfi nəzəriyyənin əsasını qoyub.
İ.Məmmədzadə dahi filosofun bəşəriyyət tarixində elmlərə sistemli yanaşan ilk şəxs olduğunu və onların təsnifatını verdiyini diqqətə çatdırıb, məntiq, etika, metafizika, əxlaq, dövlət, ritorika sahələrinə dair bir çox əsərlər yazdığını deyib. O, Fəlsəfə İnstitutunda Aristotelin yaradıcılığına dair sistemli tədqiqatlar aparıldığını, monoqrafiyalar, elmi məqalələr yazıldığını vurğulayıb.
Tədbirdə, həmçinin Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Kanellos və Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Hamlet İsaxanlı çıxış edərək Aristotelin fəlsəfi düşüncələrinə dair fikirlərini bölüşüblər.
Seminarda Aristoteldə forma anlayışı, onun ədalət konsepsiyası, ontologiyasında etik-siyasi baxışlar, estetik kateqoriyaları üzərində fəlsəfi improvizasiya, filosofun “Poetika” əsərinin Azərbaycan dilində tərcüməsinə münasibət, Aristotel və Azərbaycan fəlsəfi-poetik təfəkkürü kontekstində rasionalizm və ədalət sahəsində görüş mövzularında məruzələr dinlənilib.