İDMAN
Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş yarışlara yekun vurulub
Bakı, 3 iyul, AZƏRTAC
Ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasında böyük fədakarlıqlar göstərən, hər zaman xalqın və dövlətin müdafiəsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə xalqın etimadını qazanan Azərbaycan Polisi özünün 100 illik yubileyini alnıaçıq, üzüağ qarşılayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında keçirilən silsilə yarışlara yekun vurulub.
DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycan Polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq qaldığını bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb.
Silsilə tədbirlər çərçivəsində iyunun 28-də keçirilən cüdo yarışında xarici ölkələrin təmsilçiləri də daxil olmaqla ümumilikdə 200 idmançı qələbə uğrunda mübarizə aparıb.
Karate-do üzrə yeniyetmələr və gənclər arasında birincilikdə müxtəlif çəki dərəcələri üzrə 100-ə yaxın idmançı gücünü sınayıb.
Yarışların sonuncu günündə kikboksinq üzrə yeniyetmələr və gənclər arasında birincilik keçirilib. Yarışda 7 komandadan müxtəlif çəki dərəcələri üzrə 220 idmançı baş mükafat uğrunda mübarizəyə qatılıb.
Komanda hesabında DİN İdman Cəmiyyətinin təmsilçiləri ilk pillədə qərarlaşıblar. “Oreon” idman klubu ikinci və xaçmazlı kikboksçular üçüncü pillədə yer alıblar.
İdman Cəmiyyəti İdmanın təşkili bölməsinin əməkdaşı, Əməkdar Məşqçi Hikmət Hacıyev yarışın həm də yeniyetmələr və gənclər arasında vətənpərvərlik və mübarizlik ruhunu yüksəltmək, perspektivli idmançıları müəyyən etmək və onların yarış təcrübəsini artırmaq, o cümlədən idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək məqsədi daşıdığını bildirib.
Cəmiyyətin idman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov qeyd edib ki, tarix boyu insanlarda Vətənə məhəbbət, milli qürur hissləri, xeyirxahlıq aşılayan idman güclü təsir imkanına malik olmaqla dövlətin hərtərəfli inkişafında, dünya miqyasında tanınmasında mühüm rol oynayan təbliğati-siyasi vasitədir. İdman və bədən tərbiyəsi müasir dünyamızda fiziki və mənəvi tərbiyənin mühüm vasitələrindən biri hesab olunur.
Sonda qaliblərə kubok, diplom və medallar təqdim edilib.