CƏMİYYƏT
Azərbaycan koronavirusa qarşı səmərəli mübarizə sahəsində nümunəvi ölkədir

Bakı, 8 may, AZƏRTAC
Azərbaycan koronavirusa qarşı səmərəli mübarizə sahəsində nümunəvi ölkədir.
Bu fikri AZƏRTAC-a Əməkdar müəllim, Bakı şəhəri Nəsimi rayonu Abdulla Şaiq adın 54 saylı məktəbin direktoru Sahibə Abbasova deyib.
O bildirib ki, Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilib. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilib. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə kütləvi yoluxma hallarının qarşısı alınıb. Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi oluruq.
Direktor vurğulayıb ki, Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazır olduğunu bəyan etdi. Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizədə Azərbaycan modelinin müsbət nəticələri barədə danışmaqla bu təcrübəni digər ölkələrlə bölüşməyə hazır olduğunu bildirməsi Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən yüksək səviyyədə qarşılandı. Məhz bu səbəbdən də Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn Zirvə görüşündə qəbul edilən Bəyannamədə Prezidentimizin fəaliyyəti xüsusilə vurğulandı.
Əməkdar müəllim qeyd edib ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna öz müsbət təsirini göstərdi. Dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Çünki pandemiyanın ağır fəsadlarından qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə bu və digər mühüm məsələlərə toxunuldu və vəziyyətdən birlikdə çıxış yoluna aydınlıq gətirildi. Dövlətimizin başçısı ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə barədə qurumun üzvlərinə ətraflı məlumat verdi.