MƏDƏNİYYƏT
Azərbaycan naxışları qardaş Qırğız ölkəsində
![Azərbaycan naxışları qardaş Qırğız ölkəsində](/files/2018/2/1200x630/15356335962849942673_1200x630.jpg)
Bakı, 30 avqust, AZƏRTAC
Sentyabrın 2-dən 8-dək Qırğızıstan Respublikasında keçiriləcək III Ümumdünya Köçəri Oyunları və Beynəlxalq Etnomədəniyyət Festivalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə modelyer-dizayner Gülnarə Xəlilova iştirak edəcək. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalda modelyerin yaratdığı 15-dən çox milli və müasir moda nümunələri sərgilənəcək.
Qeyd edək ki, Gülnarə Xəlilova 2014-cü və 2015-ci illərdə Çin Xalq Respublikasının Urumçi şəhərində Moda Həftəsinin mükafatlarına layiq görülüb. Onun moda kolleksiyası 2015-ci ilin aprel ayında “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı çərçivəsində Londonda nümayiş etdirilib. Həmin ilin iyulunda o, Rusiyanın İrkutsk şəhərində keçirilən VI Beynəlxalq Etnik Kostyumu Festivalında milli geyim kolleksiyasından nümunələr təqdim edib. 2016-cı ilin noyabrında Rumıniyanın mədəniyyət mərkəzi olan Yassi şəhərində ənənəvi Moda Həftəsində “Xalçaların dili” geyim kolleksiyasını nümayiş etdirib və tədbirin mükafatına layiq görülüb.
G.Xəlilova geyim ənənələrinə, o cümlədən milli geyim tariximizə həsr olunan bir neçə kitabın, ali məktəblər üçün nəzərdə tutulan dərsliyin və kataloqların müəllifidir. 2005-ci ildən indiyədək Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə layihələri əsasında keçirilən muğam müsabiqələrində aparıcıların milli geyimlərinin tərtibatını verib.
O, 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2014-2015-ci illərdə Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib. 2017-ci ildən pedaqoji fəaliyyətini Xəzər Universitetində davam etdirir.