DÜNYA


BƏƏ-də ən qədim xristian kilsəsi ziyarətçilərə təqdim edilib

Dubay, 14 iyun, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində ərazilərin qorunması və abadlaşdırılması üzrə tədbirlər yerinə yetirildikdən sonra erkən xristian mədəniyyətinin yeganə abidəsi – “Sir Bani Yas” adasındakı kilsə və monastır ziyarətçilərin ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, “Sir Bani Yas” adasında yerləşən kilsə və monastırın inşa olunması tarixi eramızın VII-VIII əsrlərinə təsadüf edir. İlk dəfə bu abidə 1992-ci ildə, həmin ərazidə aparılan tədqiqat işləri zamanı aşkar edilib. Arxeoloqlar qazıntı işləri zamanı monastırın xarabalıqlarını tapıblar. Artefaktlar sakinlərin vaxtilə heyvandarlıqla, balıqçılıqla və kənd təsərrüfatının digər növləri ilə məşğul olduqlarını, həmçinin İran körfəzində və onun hüdudlarından kənarda ticarət əlaqələri saxladıqlarını sübut edir.

BƏƏ-nin tolerantlıq naziri şeyx Nəhyan bin Mübarək əl-Nəhyan bunu ölkənin zəngin mədəni irsinə dəlalət edən əhəmiyyətli hadisə adlandırıb. Onun sözlərinə görə, ölkə ərazisində bu cür mədəniyyət abidələrinin olması BƏƏ-nin ənənəvi dözümlülük dəyərlərini və digər mədəniyyətlərə açıqlığını sübut edir.

2018-ci ildə BƏƏ-nin Mədəniyyət və Turizm Departamenti arxeoloji abidələrin mühafizəsi üzrə yeni mexanizmin işlənib hazırlanmasına və tətbiqinə başlayıb. Bu mexanizm artefaktlara hər hansı təsiri - yağışın, istinin, qumun və quşların təsirini minimuma endirir və eyni zamanda, ziyarətçilərin görməli yerlərlə tanışlıq təcrübəsini zənginləşdirir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.