İQTİSADİYYAT
Bakı Dəmir Yolu Vağzalında “Kalman Kandon 150. Macarıstan Dəmir Yolları” adlı sərgi açılıb
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Bakı Dəmir Yolu Vağzalında “Kalman Kandon 150. Macarıstan Dəmir Yolları” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbir Macarıstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan və Macarıstan Dəmir Yolları Əməkdaşlıq Təşkilatının üzvüdür və bu çərçivədə əməkdaşlıq edir.
Azərbaycan dəmir yollarının 140 illik yubileyi ərəfəsində olduğunu qeyd edən Z.Novruzov keçmiş Sovet məkanında ilk elektrik qatarının 1926-cı ildə məhz ölkəmizdə istifadəyə verildiyini diqqətə çatdırıb. O, son 5 ildə Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı layihələr barədə məlumat verib. Bura infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yeni qatarların alınması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Abşeron dairəvi yolunun bərpa edilməsi ilə yanaşı, vağzal və stansiyaların tikintisi və bərpası da daxildir.
Macarıstanın Azərbaycandakı səfirinin müavini Laslo Mak dəmir yollarının hər bir ölkə üçün önəmli infrastruktur olduğunu, sənayenin, iqtisadiyyatın və turizmin inkişafına təkan verdiyini bildirib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu mənada ən yaxşı nümunə olduğunu deyib. Avropanın ən qədim və inkişaf etmiş dəmir yollarının Macarıstanda olduğunu bildirən diplomat onun regiondaxili ölkələrin əlaqələrinin güclənməsində əhəmiyyətini xüsusi vurğulayıb. Sərgidəki fotoların Budapeştdə yerləşən dəmir yolu infrastrukturunda lentə alındığını və 150 illik tarixin mühüm məqamlarını əks etdirdiyini söyləyib.
Fotoların müəllifi Aydın Sadıqov ekspozisiyanın il ərzində 3-cü sərgisi olduğunu qeyd edib. Fotoların Avropanın ən böyük muzeylərindən sayılan Budapeşt Dəmir yolu muzeyində çəkildiyini nəzərə çatdırıb. Fotoqraf bundan əvvəl Azərbaycanın tarixi məkanlarını əks etdirən fotosərgisini Budapeştdə sənətsevərlərin ixtiyarına verib.
Sərgi dekabrın 28-dək davam edəcək.