“Bərpanəşr” layihəsi çərçivəsində “Brayl” əlifbası ilə nəşr olunan kitabların təqdimatı olub
Bakı, 27 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Hər uşağın nağıl payı” adlı görmə, eşitmə və nitq qabiliyyəti zəif, sağlamlıq imkanları məhdud uşaqlar üçün “Bərpanəşr” layihəsi çərçivəsində “Brayl” əlifbası ilə nəşr olunan 11 adda kitab və 10 adda elektron kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən təqdimatı kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq “Bərpanəşr” layihəsi çərçivəsində nəşr olunan elektron kitablar haqqında geniş məlumat verib. O, ilk dəfə olaraq həyata keçən layihənin əhəmiyyətini vurğulayıb, davamlı olacağını qeyd edib. Layihənin həyata keçirilməsində əsas məqsədin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, o cümlədən informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, bununla da həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etmək olduğunu bildirib. Layihə ilk dəfə olaraq Respublika Gözdən Əlillər Kitabxanası, “Araxçın MMC/Silent Communication” təşkilatının birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.
Təhsil Nazirliyi Uşaq müdafiəsi şöbəsinin müdiri Cəmilə Tağıyeva, 5 saylı Sağlamlıq İmkanları Məhdud İnternat Məktəbin direktoru İradə Vəzirova çıxışlarında bu nəşrlərin sağlamlıq imkanları məhdud uşaqların intellektual inkişafı və cəmiyyətə inteqrasiyası baxımından vacibliyini vurğulayaraq təşkilatçıları bu əməklərinə görə təbrik ediblər.
Tədbir ədəbi-bədii hissə ilə davam edib.
Sonda 2, 3 və 5 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinin kitabxanasına təşkilatçılar tərəfindən çap olunan kitab və elektron kitablar, DVD disklər təqdim edilib. F.Köçərli adına Respublika Uşaq Kitabxanası kitab sərgi-yarmarkasına 500-ə yaxın dünya və Azərbaycan uşaq ədəbiyyatından nümunələrlə qatılıb.