MƏDƏNİYYƏT
Birinci Türkoloji Qurultayın 90 illik yubileyi qeyd olunub
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan İstiqlal Muzeyində I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin şöbə müdiri Mirseyibli Sədi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov, Azərbaycanın görkəmli şairi, ədibi, filosofu, ictimai xadimi Əli bəy Hüseynzadənin qohumu Cəmilə Həsənzadə çıxış etdiblər.
Bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və başqa məsələlər ətraflı şəkildə türkoloji baxışın tərkib hissələri kimi müzakirəyə çıxarılıb. Eyni zamanda Qurultayda türk xalqlarının inkişafında əhəmiyyətli rol oynayan bir sıra qərarlar qəbul olunub. Onların sırasında latın əlifbasına keçidlə bağlı qərar xüsusi əhəmiyyət kəsb edib. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanması hələ XIX əsrdən etibarən xalqımızın mütərəqqi ziyalılarının əlifba islahatı uğrunda apardıqları mübarizənin nəticəsi idi.
Tədbirdə Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin filologiya kafedrasının tələbələri iştirak etdiblər.