Bölgələrdə qurbanlar kəsilib, imkansızlara və ehtiyacı olanlara yardımlar edilib
Ağsu, 22 avqust, AZƏRTAC
Əsrlər boyu insanların həmrəyliyində, mənəvi saflaşmasında və imanlarının kamilləşməsində xüsusi önəm kəsb edən müqəddəs Qurban bayramı Ağsuda insanların xeyirxah əməlləri ilə yaddaqalan olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 22-də səhər tezdən ayrı-ayrı təşkilatlar, imkanlı adamlar qurbanlar kəsir, əlillərə, ehtiyacı olanlara qurban əti paylayıblar. Təkcə rayon icra hakimiyyəti adından 500 ailəyə-şəhid ailələrinə, Qarabağ əlillərinə, imkansızlara ayrılan xüsusi maşınlarla qurban payı verilib. Ümumiyyətlə, rayonda 1100 ailəyə qurban əti paylanıb.
X X X
Zərdab, 22 avqust, AZƏRTAC
Zərdabda milli birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı ümumrayon tədbiri ilə qeyd olunub.
Bayram münasibətilə təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev zərdablıları müqəddəs gün münasibətilə təbrik edib, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından danışıb.
Həmin gün rayon icra hakimiyyəti adından qurbanlar kəsilib, şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, valideyn himayəsindən məhrum olan uşaqlara, yataq xəstələrinə və imkansızlara paylanıb. Ümumilikdə 450-dən çox ailəyə bayram payı verilib.
X X X
Kürdəmir, 22 avqust, AZƏRTAC
Kürdəmirdə müqəddəs Qurban bayramı ilə əlaqədar 2000-dən çox ailəyə qurban payı verilib.
Mübarək bayram münasibətilə təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov və “İmam Rza” məscidinin axundu Füzuli Cəfərov sakinləri təbrik edib, onlara birlik, xeyirxahlıq, əmin-amanlıq arzulayıb, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından danışıblar.
Sonra kəsilən qurbanlar ayrılan xüsusi maşınlarla evlərə paylanıb. Qurban əti şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinə, tənha və yataq xəstələrinə, habelə yardıma ehtiyacı olan ailələrə verilib.
X X X
İsmayıllı, 22 avqust, AZƏRTAC
Müqəddəs Qurban bayramı münasibətilə İsmayıllı şəhərində, eləcə də bütün qəsəbə və kəndlərdə qurbanlar kəsilib, şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, imkansız ailələrə paylanıb.
Qurban payı rayon icra hakimiyyətində yaradılan komissiya tərəfindən əvvəlcədən hazırlanan siyahıya əsasən paylanıb. Qurbanlar şəhərdə kənd təsərrüfatı idarəsinin ərazisində, eləcə də qəsəbə və kəndlərdə sanitariya-gigiyena tələblərinə cavab verən səyyar məntəqələrində kəsilib.
Qurban payı rayon mərkəzində 1500 nəfərə, qəsəbə və kəndlərdə müvafiq kateqoriyadan olan ailələrə paylanıb.