CƏMİYYƏT


FHN-in Qarabağ Regional Mərkəzi “dəyirmi masa” keçirib

Bakı, 21 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin ictimai-siyasi orqanı olan “Laçın” qəzetinin redaksiyasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi və əhalinin mətbuat vasitəsilə mütəmadi olaraq maarifləndirilməsində yerli KİV ilə əməkdaşlığın müzakirəsi olub.

Tədbirdə FHN-in Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Laçın rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri və “Laçın” qəzetinin yaradıcı heyəti iştirak ediblər.

“Dəyirmi masa”da FHN-in və Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə söhbət açılıb, “Zəlzələ”, “Dəm qazı”, “Sel və daşqın”, “112 zəng mərkəzinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları” mövzularında çıxışlar edilib. Belə tədbirlərin regional mərkəzin əhatə etdiyi ərazilərdə fəaliyyət göstərən yerli mətbuat orqanları ilə keçirilməsinin artıq ənənə halını alması diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçıları və qəzetin kollektivi ilə qarşılıqlı fikir mübadiləsi aparılıb. Mərkəzin əməkdaşları tərəfindən jurnalistləri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılıb.

.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.