REGİONLAR
Gəncənin “İmamzadə” Dini Kompleksinin ətrafında ümumşəhər iməciliyi keçirilib
Gəncə, 21 oktyabr, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı, Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə Kompleksin ətrafında yerləşən qəbiristanlıqda ümumşəhər iməciliyi keçirilib.
İməcilikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP-ın Gəncə şəhər təşkilatının könüllüləri, şəhər ictimaiyyəti və sakinlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iməcilik zamanı Kompleksin ətrafında yerləşən qəbiristanlıqda təmizlik və abadlıq işləri aparılıb. Məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları ərazidən kənarlaşdırılıb. Gün ərzində davam edən iməcilik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, işlərə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası da cəlb olunub.
Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansında olan Qədim Gəncə Qalasına və Comərd Qəssab türbəsinə baş çəkib. Vaxtı ilə tökülmüş inşaat tullantılarının ərazidən daşınması, yolun hamarlanması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması və kompleks işlərin icra olunması ilə əlaqədar olaraq müvafiq tapşırıqlar verilib.